Vikipediyada yazı yazmaq üçün şəkilli qısa təlimat

Vikipediyada məqalə yazmaq üçün şəxsi vikipediya hesabı açdıqdan sonra, yazmağa başlamaq arzuolunandır. Hesab açmaq üçün Vikipediya saytına daxil olduqdan sonra sağ yuxarı küncdə görünən Hesab yarat başlığına daxil olub, qeydiyyatdan keçmək lazımdır. Daha sonra yenidən sayta daxil olduqda, məqalələri öz hesabınızdan yazmaq üçün sağ yuxarı küncdə Daxil ol başlığından istifadə etməklə hesabınıza daxil ola bilərsiz.

2016-03-05_142541


İkinci mərhələyə keçməmişdən qabaq, Azərbaycan Vikipediyasında məqalə yazmaq üçün başlıca şərtlər kimi məqalənin Azərbaycan dilinin qaydalarına uyğun şəkildə yazılması, neytral olması, elmi üslubda yazılması, reklam xarakterli olmaması kimi əsas qaydaları bilmək lazımdır. Ensiklopedik şəxs olmadığınız halda Vikipediyada özünüz haqqında məqalə yaza bilmərsiniz. Yazsanız da, o məqalə silinəcək. İstifadəçi özü haqqında İstifadəçi hesabının səhifəsində məlumat verə bilər. Qaydalarla daha geniş şəkildə tanış olmaq üçün Beş əsas prinsipVikipediya qaydalarına daxil olmaq olar.

Vikipediyada məqalə yazmağa yeni başlayanlar yazmağı mənimsəyənə qədər özlərini sınamaları üçün Qaralama dəftəri başlığı nəzərdə tutulmuşdur. Bu başlıq Vikipediya saytına daxil olduqdan sonra solda yerləşən bölmədədir. Vikipediyada yazmaq, məqaləni başlıq, altbaşlıq kimi və s. hissələrə ayırmaq, məqalələrə şəkil əlavə etmək kimi öyrənəcəyiniz bütün Vikipediya redaktələrini Vikipediya məqalələrində tətbiq etməzdən əvvəl burada yoxlamağınız arzuolunandır. Bu yolla istəmədən də olsa, məqalələrə zərər vurmaq kimi mənfi halların qarşısını da almaq olar.


Vikipediyada məqalə yazmaq üçün ilk növbədə həmin məqalənin Vikipediyada olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bunun üçün Vikipediyada Axtar bölməsində yazacağınız məqalənin adını yazın. Məsələn, Saturnun halqaları başlığını yazaraq axtarın. Əgər axtarışın nəticəsində məqalə tapılmasa Vikipediya sizə birbaşa yeni məqaləni yaratmağı təklif edəcək. Əgər məqalə çıxarsa, məqalənin vəziyyəti ilə tanış olun. Məqalə sizi qane etməyəcək şəkildə olsa, onu redaktə edərək genişləndirə bilərsiz. Məqalənin bizim dilimizdə olmadığından əmin olmaq lazımdır. Bunun üçün yaxşı olardı ki, yazmaq istədiyiniz məqaləni, həmin məqalənin artıq mövcud olduğu xarici dildə axtarasız. Məsələn, Saturnun halqaları məqaləsinin bizim dilimizdə olmadığından əmin olmaq üçün İngilis Vikipediyasında Rings of Saturn axtarışını vermək lazımdır. İngilis dilində olan bu məqalədə sol tərəfdə yerləşən məqalənin digər dillərinə keçid bölməsində Azərbaycan dili yoxdursa, bu böyük ehtimalla məqalənin olmamasından xəbər verir. Bu cür dəqiqləşdirmə etməyin səbəbi odur ki, məsələn siz İstixana effekti başlığı ilə məqalə yazmaq istəyirsizsə, bu məqalə bizim dildə artıq Parnik effekti başlığı ilə də mövcud ola bilər və siz xəbəriniz olmadan eyni mövzu haqqında olan ikinci məqalənin yazılmasına səbəb olarsız. Bu dəqiqləşdirmədən sonra isə artıq yeni məqalə yazmaq üçün işə başlaya bilərsiz.


2016-03-05_143540

Artıq var olmadığından əmin olduğunuz məqaləni yazmağa başlayarkən, qeyd etdiyiniz ad üstəki şəkildə 1-lə işarələnmiş bölmədəki kimi görünəcəkdir və məqalə yazılandan sonra həmin adla mövcud olacaqdır.

Kursivin yanıb-söndüyü şəkildə işarələnmiş 2-ci bölmə yazının yazılacağı yerdir. Şəkildə işarələnmiş 3-cü bölmə yazının tünd qara və ya maili görünməsini təmin edir. Məsələn, bir sözün tünd qara rəngdə görünməsini istədiyinizi düşünək. Bunun üçün bu şəkildə görünməsini istədiyiniz sözü seçirsiz və 3-cü bölmədə görünən A işarəsinə vurursuz. Bundan sonra seçdiyiniz sözün ətrafında üç dırnaq görünəcək və redaktə yadda saxlandıqdan sonra söz tünd qara görünəcək. Aşağıdakı kimi:

”’Seçdiyiniz söz”’  redaktə yadda saxlandıqdan sonra Seçdiyiniz söz şəklində görünəcək.

Qalın hərflərlə görünmə Vikipediyada məqaləyə başlayarkən məqalənin ilk cümləsində başlığı fərqləndirmək üçün, maili hərflərlə görünmə isə cümlə içindəki sözü xüsusi fərqləndirmə zərurəti olduqda işlənilir. Aşağıdakı məqaləyə giriş cümlə nümunəsi kimi:

Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqadır.

Üstdəki şəkildə görünən 4-lə işarələnmiş Ətraflı bölməsi sizə daha sonra ətraflı izah olunacaq bölmə başlıqlarının ölçülərini müəyyənləşdirmək, sıralanmış başlıqlara nömrələr vermək kimi qısa yolları özündə birləşdirir.

Şəkildə 5-lə işarələnmiş Xüsusi işarələr bölməsi yazınıza zərurət olduqda müxtəlif işarələrin əlavə olunmasını təmin edir. Bu işarələr ərəb, yunan, latın və s. əlifbaların hərfləri ilə yanaşı, müxtəlif düz xət, @ işarəsi və s. ola bilər.

Şəkildə 6 ilə işarələnmiş Kömək bölməsi sizə Vikipediyada məqalə yazarkən istifadə edəcəyiniz başlıq olçüsü müəyyənləşdirmək, şəkil əlavə etmək kimi qısa yollara çıxış imkanı yaradır. Kömək bölməsində istifadə edəcəyimiz qısa yollar yazının davamında ayrı-ayrılıqda izah olunacaq.


Məqalələrin strukturu

Vikipediyada məqalələr iki hissəyə ayrılır. Birinci hissəyə Giriş hissə daxildir. Bu hissə istənilən Vikipediya məqaləsinə daxil olduqda məqalə haqqında qısa məlumat verən giriş bölməsidir. İkinci hissəyə isə Başlıqlar və bu başlıqların daxilində yaradılacaq yarımbaşlıqlar daxildir. Bu bölmədə məqalənin ayrı-ayrı bölmələri haqqında məlumat verilir. Məsələn, Azərbaycan məqaləsinə nəzər salaq. Bu məqalədə mündəricata qədər olan hissə Giriş hissədir. Mündəricatda göstərilən hissələr isə məqalənin ayrıldığı bölmə və altbölmələri göstərir. Məqalədə başlıq bölmələrinin yaradılması üçün = işarəsindən istifadə olunur. Aşağıdakı kimi:

 == Bölmənin adı ==

===Bölmənin adı ===

====Bölmənin adı====

2016-03-05_143841

Sağdan və soldan iki mötərizə ilə əhatələnmiş başlıq yuxarıdakı Mündəricat şəklində 1.Etimologiya, 2. Tarixi bölmələrində göründüyü kimi əsas başlıqlar olacaq. Mötərizələrin sayı artdıqca görünən başlığın ölçüsü kiçiləcək və bir başlığın daxilindəki altbaşlıqlar kimi görünəcəklər.

Məqalənin Girişinin yazılması və Başlıqların necə yaradılması məsələsi aydın olduqdan sonra konkret bir məqalə nümunəsini misal göstərək. Fərz edək ki, siz redaktə bölməsində aşağıdakı kimi bir aşağıdakı şəkildəki kimi yazmısınız.

2016-03-05_143947

Bu görünüş redaktə yadda saxlandıqdan sonra aşağıdakı şəkildəki kimi görünəcəkdir:

2016-03-05_144038

Bundan sonra hər bölməni ayrı-ayrılıqda redaktə edərək zənginləşdirmək sizə daha asan olacaqdır. Bu cür quruluş yadda saxlandıqdan sonra məqaləni redaktə etmək üçün aşağıdakı şəkildə göstərilən bölmələrlə tanış olaq.

2016-03-05_144207

Şəkildə İbn Xəldun haqqında yazılmış məqaləni görürsüz. Burada 1-lə işarələnmiş Əsas redaktə bölməsinə vuraraq siz yenidən bütün məqalə üzərində işləmək və dəyişikliklər etmək imkanı əldə edirsiz. 2 ilə işarələnmiş Tarixçə bölməsi sizə məqalə üzərində daha əvvəllər (əgər varsa) redaktələr etmiş istifadəçiləri görmək və onların etdikləri redaktələrlə tanış olmaq imkanı verir. Tarixçə bölməsinin sağında yerləşən Daha bölməsinə gələrək məqalənin adını dəyişdirmək imkanı qazanırsız. Məqalənin adında səhvə yol verdikdə, səhv adlandırılmış məqalələr qarşınıza çıxdıqda bu bölməyə daxil olaraq adı dəyişdirmə səbəbinizi əsaslandırmaqla məqalənin adını dəyişdirə bilərsiniz. Şəkildə 3-lə işarələnmiş bölmə daha əvvəl də qeyd olunduğu kimi Mündəricatdır. Sizin yaratdığınız başlıqlar öz əksini mündəricatda tapır və məqalədən istifadə etmək istəyən istifadəçilər üçün rahatlıq imkanı yaradır. Siz məqaləni bütövlükdə yox sadəcə konkret bir bölməsini redaktə etmək istədikdə isə şəkildə gördüyünüz kimi 4-lə işarələnmiş əsas redaktə bölməsindən istifadə edirsiz. Məqalənin ayrı-ayrı boş bölmələrini yaradaraq mərhələ-mərhələ o bölmələri zənginləşdirmək, bir məqaləni bir dəfəyə yaratmaqdan daha asan və az yorucudur.

Məqaləni yazdığının bölmənin altında aşağıdakı şəkildə gördüyünüz bölmə var.

2016-03-05_144305

Burada 1-lə işarələnmiş Səhifəni qeyd et bölməsinə məqaləni yazdıqdan sonra vurduqda etdiyiniz dəyişikliklər qeyd olunur və məqalə artıq sizin yazdığınız kimi görünür. 2 ilə işarələnmiş Sınaq göstərişi bölməsi etdiyiniz düzəlişlərə yadda saxlamadan baxmaq imkanı verir. Düzəlişlərinizi yadda saxlamadan sınaq göstərişi bölməsinə vuraraq onun vəziyyətinə baxmaq arzuolunandır. Belə olduqda səhvlərinizi görə və onları yenidən düzəldə bilərsiz. 3-lə işarələnən Dəyişiklikləri göstər bölməsi isə sizə etdiyiniz son düzəlişlə, ondan əvvəlki düzəliş arasında müqayisə aparmaq və fərqləri görmək imkanı verir. 4-lə işarələnmiş Ləğv et bölməsi sizə düzəlişlərinizi yadda saxlamadan ləğv etmək imkanı verir. Bunun üçün sadəcə olaraq Səhifəni qeyd et bölməsinə vurmadan yazıdan çıxmaq da kifayətdir. 5-lə işarələnmiş Qısa məzmun bölməsində siz etdiyiniz dəyişikliyin mahiyyəti haqqında məlumat verməlisiz. Bunun üçün 6 ilə işarələnmiş hazır şablon sözlər olan təkmilləşdirmə, orfoqrafiya, yeniləmə və s. kimi sözlərdən istifadə edə biləcəyiniz kimi, burada olmayan özünəməxsus cavab da yaza bilərsiz. 7 ilə işarələnmiş Bu səhifəni izlə bölməsinin qarşısındakı xanaya işarə qoyduqda bu məqalədə sizdən sonra ediləcək dəyişikliklər haqqında e-mailinizə məktub gələcəkdir. İstəməsəz bu işarəni qoymaya da bilərsiz.

Səhifəni qeyd et bölməsinin altında isə siz aşağıdakı şəkildə görünən köməkçi simvol, şablon və s. qısa yolların olduğu bölmə görəcəksiz. Burada sizə lazım olacaq hazır başlıq mötərizələri, daha sonra tanış olacağımız mənbə yerləşdirmək, kateqoriya vermək kimi qısa yollar yerləşir.

2016-03-05_144425

Qeyd olunan kimi bölmələri redaktdə etdikdən və girişi yazdıqdan sonra yadda saxladığınız məqalə Son tamamlama işləri istisna olmaqla artıq istifadəyə hazırdır.


Məqalədə son tamamlama işləri

Məqalənin digər dillərlə əlaqələndirilməsi (İnterviki) – Bildiyiniz kimi Vikipediya Dünyanın müxtəlif dillərində mövcuddur. Azərbaycan Vikipediyasında yazmış olduğunuz yeni məqalənin digər dillərdəki vikipediyalarla əlaqələndirilməsi, həm məqalənin keyfiyyətini artırar, həm də məqalədən istifadə edən oxucular bildikləri halda digər dildəki eyni məqalə ilə tanış olaraq biliklərini dəqiqləşdirə və möhkəmləndirə bilər. Məqaləyə digər dilləri (Vikipediya termini ilə İnterviki) əlavə etmək üçün aşağıdakı şəkilə nəzər salaq:

2016-03-05_155747

Yeni yaradılmış və ya İnterviki əlavə olunmamış məqalələrdə Şəkildə qırmızı ilə işarələnmiş bölgədəki kimi Dillər bölməsinin altında Keçid əlavə et bölməsini görəcəksiz. Bura vurduqdan sonra qarşınıza Dil və Səhifə xanaları olan iki boşluq çıxacaq. Sizin yazdığınız məqalənin mövcud olduğu dilin viki kodunu (enwiki – ingilis vikipediyasının, trwiki – türk vikipediyasının, ruwiki – rus vikipediyasının və s.) Dil bölməsinin qarşısında yazırsınız. Səhifə bölməsinin qarşısında isə həmin məqalənin seçdiyiniz dildəki adını yazırsız. Məsələn bizim Saturnun halqaları məqaləsi üçün çıxacaq xanada Dil bölməsinin xanasına enwiki, Səhifə bölməsinin xanasına isə Rings of Saturn (həmin məqalənin ingilis dilindəki adı) yazırıq. Aşağıdakı şəkilə nəzər salaq:

2016-03-05_155848

Bundan sonra Səhifəyə keçid ver başlığına vururuq. Çıxan yeni xanada məqalənin olduğu digər bütün dillərin siyahısı gəlir və yeni xanadakı Təsdiq et bölməsinə vurduqdan sonra, çıxan pəncərədə Dialoqu bağla və səhifəni yeniləyə vurun. Artıq sizin məqalənizdə digər Vikipediya məqalələrində də müşahidə edə biləcəyiniz Digər dillər bölməsini görəcəksiz.


Daxili keçidlər – Daxili keçidlər Vikipediyada məqalələrin daxilində link kimi görünən və digər vikipediya məqaləsinə keçən xüsusi keçidlərdir. Məsələn, “Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqadır” cümləsində Saturn planeti sözünə daxili keçid verməklə Saturnun halqaları məqaləsini oxuyan oxucuda Saturn planetinin nə olduğu sualı yarandıqda həmin keçidə vuraraq o məqaləyə keçə bilir. Bu cür daxili keçidlər yuxarıdakı İbn Xəldun şəklində 5-lə işarələnmiş kimi görünür. Bu daxili keçidləri vermək üçün məqalənin hər iki tərəfində kvardat mötərizələrdən istifadə olunur. Aşağıdakı kimi:

[[Saturn]]

Bu kvadrat mötərizəni hazır şəkildə Səhifəni qeyd et bölməsindən aşağıda yerləşən qutudakı İşarələr bölməsindən istifadə etmək olar. Bunun üçün daxili keçid verilmək istənən söz seçilir və həmin işarənin üzərinə vurulur və söz avtomatik olaraq ikiqat kvadrat mötərizəyə alınır. Bu zaman diqqət etmək lazımdır ki, sizin Daxili keçid verdiyiniz söz haqqında Azərbaycan Vikipediyasında məqalə olsun. Əgər məqalə olmasa, onda sizin keçidiniz məqalədə qırmızı rəngdə görünəcək. Diqqət yetirilməsi zəruri olan başqa bir məqam isə sözün seçilən hissəsinin məqalənin adı olmasına diqqət yetirməkdir. Məsələn, siz Məqalədə yerləşən Saturndan sözünə keçid vermək istəyirsizsə, bunu redaktə bölməsində [[Saturn]]dan şəklində yazmaq lazımdır. [[Saturndan]]  şəklində yazsanız sistem Saturndan başlıqlı məqaləyə keçid verdiyinizi göstərərək, belə bir məqalənin olmadığını göstərəcək (keçid qırmızı görünəcək). Bəzi hallarda isə fleksiya, şəkilçi əlavə olunması zamanı sözün son hərfinin dəyişməsi kimi hallar müşahidə olunur. Məsələn, mətnin içində keçən Qulağın sözünə keçid vermək istədiyinizi düşünək. Bu halda məqalənin Vikipediyadakı adı Qulaq şəklindədir və siz Daxili keçid verməni aşağıdakı qaydada həyata keçirirsiz:

[[Qulaq|Qulağın]]

Gördüyünüz yazılış qeyd olunan işarələr bölməsindəki ikiqat  daxili mötərizənin sağında yerləşir. Burada mötərizədən sağda Qulağın, solda isə onun Vikipediya məqaləsi olan Qulaq sözününün adı yazılır. Bu şəkildə məqalə yadda saxlandıqda Qulağın sözündə daxili keçid əmələ gələcək və o sözə vurduqda Qulaq haqqında olan məqalə açılacaq.

Məqalədə daxili keçidlərin az olması, və ya çox olması arzuolunan hal deyil. Eyni bir sözə bir abzasda bir keçid verilməsi məqsədə uyğundur. Daxili keçidlərin olması sizin məqalənizin düşüncə çatdırma imkanlarını və keyfiyyətini artırmaqla, oxuculara qaranlıq qalan digər məsələlərə keçid imkanlarını təmin edəcəkdir.

Bu kimi başlıqların hazır variantlarına daha əvvəl haqqında danışılan Kömək bölməsində rast gəlmək olar. Bütün redaktə qaydalarını əzbərdən bilmək tələb olunmur. Tez-tez istifadə etdikcə bir sıra qaydaları Köməkdən istifadə etmədən də biləcəksiniz. Unutduğunuz halda isə, qısa və asan şəkildə orada izahlı şəkildə var.


Həmçinin bax, Xarici keçidlər və İstinadlar

Məqalənin məlumat xarakterli başlıqlarını yaratdıqdan sonra məqalədə aşağıdakı bölmələr yaradılmalıdır.

== Həmçinin bax ==

== Xarici keçidlər ==

== İstinadlar ==

Həmçinin bax – Bu bölmə də yazdığının məqalənin məzmununa yaxın olan məqalənin adları yerləşir. Məsələn, Saturunun halqaları məqaləsində əgər Azərbaycan Vikipediyasında varsa, [[Günəş sistemi]], [[Saturn]], [[Yupiterin halqaları]] və s. yaxın məzmunlu məqalələrın adları yazılır. Bu zaman bölmə aşağıdakı kimi yaradılır.

== Həmçinin bax ==

* [[Günəş sistemi]]

* [[Saturn]]

* [[Yupiterin halqaları]]

Bölmə bu şəkildə hazırlandıqda aşağıdakı kimi görünəcək və müvafiq məqalələr daxili keçid qazanmış olacaq.

Həmçinin bax

  • Günəş sistemi
  • Saturn
  • Yupiterin halqaları

Göründüyü kimi redaktə bölməsində qarşıda qoyulan * işarəsi yadda saxlandıqdan sonra nöqtəyə çevrilir və səliqəli görünüş alınır. Əgər nöqtə kimi yox rəqəm kimi görünməyi istənilərsə bu zaman * əvəzinə #  işarəsi qoyulmalıdır. (Həmçinin bax bölməsində *-dan istifadə olunsa da, #-dən istifadə məqalənin daxili bölmələrində sıralama tələb olunarsa istifadəyə əlverişlidir.


Xarici keçidlər – Bu bölmə məqalə ilə bağlı etibarlı saytların linklərini yerləşdirmək üçün nəzərdə tutulmuşdur. Etibarlı saytlar dedikdə Dünya əhəmiyyətli xəbər saytları, etibarlı pdf kitabların linkləri və s. akademik mənbələr nəzərdə tutulur. Burada belə bir şərt vardır ki, məqaləyə əlavə edəcəyiniz xarici keçidlərdəki linklər Reklam xarakterli məlumatlar və ya Spam linkləri olmasın. Spam xarakterli (müxtəlif virus və s. də ola bilər) linklər yoxlamada aşkar olunub pozulacaqdır və bu da hətta istifadəçi hesabınıza bloklama qoyulması ilə nəticələnə bilər.

Xarici keçidlər bölməsi hazırlanarkən əsas məsələ xarici linklərin əlavə olunmasıdır. Bunun qısa yolu Kömək bölməsində yerləşən Keçidlər yarımbölməsində yerləşir. Bu bölmədə olan aşağıdakı nümunəyə nəzər salaq:

[http://www.example.org Keçidin adı]

Burada birqat kvatdat mötərizənin içində olan solda yerləşən sayt linki və sağda yerləşən keçidin adı bölməsi vardır. Məsələn, link yerinə Adam Smitin “Xalqların sərvəti” əsərinin pdf linkini yerləşdirdiyinizi təsəvvür etsək, Keçidin adı sözü əvəzinə A.Smit “Xalqların sərvəti” yazsaz. Link şəklinə salıınmış A.Smit “Xalqların sərvəti” sözünü əldə etmiş olursunuz. Örnək olaraq yaradılmış aşağıdakı Xarici keçidlər bölməsi nümunəsinə nəzər salaq.

== Xarici keçidlər ==

* [Hər hansı bir sayt linki-1 Keçidin adı-1]

* [Hər hansı bir sayt linki-2 Keçidin adı-2]

* [Hər hansı bir sayt linki-3 Keçidin adı-3]

Bu quruluş yadda saxlandıqdan sonra aşağıdakı kimi görünəcək.

Xarici keçidlər

İstinadlar – Məlumdur ki, Vikipediyada məqalə yazmağı bacaran hər kəs (hətta bacarmayanlar belə) burada düzəlişlər edə bilər. Bu zaman yazılan yazıların hansısa mənbəyə əsaslandırılması o yazıların keyfiyyətini və inamlılığını artırar. Belə bir istinadların olmaması, sizdə oxuduğunuz məqalənin kiminsə təxəyyülünün məhsulu ola biləcəyi düşüncəsini də yarada bilər. Əgər oxuduğunuz bir faktın sonunda sitatın və s. faktların konkret mənbəsi göstərilərsə, bu məqaləyə olan inamı artırar. Təbii ki, bu mənbələrin etibarlı olması lazımdır. Etibarlı anlayışına artıq xarici keçidlər bölməsində toxunmuşuq. İndi isə məqaləyə istinadların əlavə olunmasının iki mərhələli gedişatına nəzər salaq.

1-ci mərhələ. Əvvəlcə aşağıdakı kimi İstinadlar bölməsi hazırlanır və ora Səhifəni qeyd et bölməsindən aşağıda yerləşən İşarələr qutusunda yerləşən <references/> sözü əlavə olunur və yadda saxlaya vurulur:

== İstinadlar ==

<references/>

2-ci mərhələ. Məqalədə istinad vermək istədiyiniz cümlənin sonuna İşarələr qutusunda yerləşən <ref></ref> əlavə olunur. <ref>İstinad mətnini bura əlavə et</ref>  hissəsində İstinad mətnini bura əlavə et bölməsinə əlavə etmək istədiyiniz mənbə yazılır. Məsələn A.Smitdən gətirdiyimiz bir ixtiyari  “X” sitatının sonuna <ref>Adam Smit. “Xalqların sərvəti” </ref>  yazıldıqda və yadda saxlandıqda 1-ci mərhələdə hazırladığımız və artıq mövcud olan İstinadlar bölməsində mənbə görünəcəkdir. Məqalədəki cümlənin sonunda isə, kiçik rəqəm peyda olacaqdır ki, onun üstünə gətirdikdə istinad görünəcəkdir.


Məqaləyə şəkil əlavə etmək

Məqalənin görünüşünü yaxşılaşdırmaq və yazılanları daha dolğun çatdırmaq üçün məqalələrə şəkillərin əlavə edilməsi arzuolunandır. Bu zaman Kömək bölməsində yerləşən Fayllar yarımbölməsinə baxsaq, orada şəkil əlavə etməyin hazır şablonunu görərik. Bu şablon aşağıdakı kimi görünür.

[[Şəkil:Example.png|thumbnail|Caption text]]

Məqaləyə şəkil əlavə edərkən, digər dillərdə uyğun vikipediya məqalələrinə daxil olaraq, oradakı şəkillərdən istifadə edə bilərik. Məsələn, Saturnun halqaları məqaləmiz üçün İngilis Vikipediyasında olan Rings of Saturn məqaləsinə müraciət edək. Orada olan ixtiyarı bir şəkilin üzərində CTRL düyməsini sıxaraq şəkilə vurduqda şəkilin pəncərəsi açılır. Burada yuxarıda şəkilin adının yazıldığını görürük (məsələn: File:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg) Burada yerləşən File:-dən sonra olan hissəni, yəni şəklin adını kopyalayaraq Hazır şablonumuzda yerləşən Example.png hissəsinin yerinə yazırıq. Aşağıdakı kimi:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|Caption text]]

Bu şablonda yerləşən Caption text mətninin yerinə isə şəkilə verəcəyimiz adı yazırıq. Bu ad məqalədə şəklin altında görünür. Aşağıdakı kimi:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|Saturnun halqalarının görünüşü.]]

Bu cür hazır şablonda istifadə etdikdə şəkil sağda və adətən standart ölçüdə görünür. Şəkili ekranın soluna keçirmək üçün aşağıdakı kimi edirik:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|left|Saturnun halqalarının görünüşü.]]

Göründüyü kimi thumbnail-dən sonra bir | işarəsi də əlavə olunaraq left sözü yazılmışdır. Bundan sonra artıq şəkil solda görünəcək. Əvvəlki halına qaytarmaq üçün left-i silməyiniz kifayətdir.

Şəkilin ölçüsünü tənzimləmək üçün isə left bölməsini hazırladığımız kimi yeni bir | işarəsi qoyuruq və yeni bölməyə rəqəm və ona bitişik olan px hərflərini yazırıq. (məsələn 100px, 150px, 200px, 250 px və s.) Şəkil məqaləyə yaraşan ölçüdə olduqdan sonra uyğun pikseli yadda saxlayırsız. Aşağıdakı kimi:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|left|250px|Saturnun halqalarının görünüşü.]]

Bu əməliyyatlardan sonra şəkil ekranın solunda və 250px ölçüsündə görünəcəkdir. Ölçünün çox böyük olması və ya əksinə çox kiçik olması arzu olunan deyil. Aşağıda şəkil yerləşdirilən bir bölmənin redaktədə necə görünəcəyinə nəzər salaq.

== Bölmə başlığının adı ==

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|left|250px|Saturnun halqalarının görünüşü.]]

Bölməyə uyğun məqalənin mətni.

Unutmadan bir xırdalığı da qeyd edək ki, Vikipediyada məqalələrin abzasları arasında boşluğun olmasını istəyirsizsə yeni abzasda aşağı düşərkən Enter düyməsinə iki dəfə vurun. Aşağıdakı kimi:

Məqalənin birinci abzası.

arada qalan və heç nə yazılmayan boş hissə

Məqalənin ikinci abzası.

Bu boş hissələrə şəkillərin yuxarıda qeyd olunan şablonlarını əlavə edə bilərsiz. Aşağıdakı kimi:

Məqalənin birinci abzası.

[[Şəkil:Example.png|thumbnail|Caption text]]

Məqalənin ikinci abzası.


 

Məqalələrə şablonların əlavə edilməsi

Vikipediya məqalələrini oxuyarkən qarşınıza bu təlimatın əvvəlində olan İbn Xəldun şəklində 6 ilə işarə olunan şablonlar çıxacaqdır. Bu kimi şablonlar məqalənizin görünüşünü yaxşılaşdırır və kefiyyətini artırır. Vikipediyada istifadə olunan bu kimi şablonların siyahısına Kateqoriya:Şablonlar axtarışından istifadə etməklə baxa bilərsiniz. Bu cür hazır şablonları məqalələrə yerləşdirib bölmələrini doldurmaqla məqalənizə xoş görünüş verə bilərsiz. Şablonları haradan tapmalı olduğunuzu unutduqda isə, bunun daha sadə bir yolu da var ki, yazdığınız məqaləyə yaxın məqalələrə daxil olub, onların Əsas redaktələrinə daxil olmaqla şablonlarını kopyalayıb yeni məqalənizdə istifadə edə bilərsiz. Məsələn, futbolçu olan bir şəxs haqqında məqalə yazmaq istədiyiniz zaman bizim Vikipediyada mövcud olan digər futbolçuların birinin məqaləsinə daxil olaraq, onun şablonunu kopyalayın və yeni məqalənizə əlavə edin. Bundan sonra yeni məqalənizdə şablonun içindəki şəxs haqqında olan məlumatları silərək, haqqında yazmaq istədiyiniz şəxs haqqında olan məlumatları əlavə edin. Sadə və yadda qalan  yol.

Kateqoriyalaşdırma

Hər bir məqalənin aid olduğu kateqoriyaları göstərmək üçün redaktə bölməsində məqalənin ən sonunda kateqoriyalar əlavə olunur. Bu digər istifadəçilərə və ya elə sizin özünüzə həmin məqalələrlə yaxın olan bütöv bölmələrə baxma imkanını yaradır. Məsələn Saturnun halqaları məqaləsi üçün Astronomiya kateqoriyasından istifadə etmək olar. Kateqoriyalar hazır məqalənin ən sonunda görünür və redaktə bölməsində əlavə edilməsi üçün [[Kateqoriya:]] şablonundan istifadə olunur. Burada qoşa nöqtədən sonra yazılacaq ad kateqoriyanın adıdır. Bir məqaləyə hansı kateqoriyaları əlavə edə biləcəyinizi müəyyənləşdirmək üçün həmin məqalə ilə yaxın olan digər kateqoriylı məqalələlərə baxın. Məsələn Saturn məqaləsinə kateqoriya axtarsaz. Yupiter məqaləsinə daxil olun. Sonda Kateqoriyalar kimi Astronomiya, Günəş sistemi, Planet və s. bu kimi başlıqlar görə bilərsiz. Bunlar redaktə bölməsində ən sonda yerləşdirilir və yadda saxlaya vurulur. Aşağıdakı kimi:

[[Kateqoriya:Astronomiya]] [[Kateqoriya:Günəş sistemi]] [[Kateqoriya:Planet]]


 

Son

Qeyd etdiyimiz bu məlumatlar sizə Azərbaycan Vikipediyasında fəaliyyət göstərmək üçün başlanğıc bilikləri öyrətməkdə köməkçi olacaqdır (və ya ən azından kömək olacağını ümid edirik ). Burada yazılanlar son deyil. Vikipediyada aktiv şəkildə fəaliyyət göstərdikcə qarşınıza yeni üsullar çıxacaqdır və təcrübəniz artdıqca bunların hər birini özünüz öyrənə biləcəksiz. Oxuduğunuz məqalələrdə maraqlı görünüşlər, şablonlar və s. qarşınıza çıxsa, həmin məqalələrin Əsas redaktə bölmələrinə baxaraq, həmin görünüşlərin necə yazıldığının “sirlərini” öyrənməyə çalışın.

Sonda Vikipediyaçı ənənələrinə sadiq olaraq, Redaktə etməyin daha fərqli təqdimatlarını göstərmək üçün Xarici keçidlər yazmaq istəyirik . Bunlara Youtube.com-da tapa biləcəyiniz aşağıdakı video-dərslər daxildir:

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Youtube kanalında yerləşən aşağıdakı video-dərslər:

  1. VikiDərs 1. Vikipediyada hesabın yaradılması/qeydiyyat
  2. VikiDərs 2. Vikipediyada məqalənin yaradılması.1-ci hissə
  3. VikiDərs 3. Vikipediyada məqalənin yaradılması.2-ci hissə
  4. VikiDərs 4. Mətnin vikiləşdirilməsi
  5. VikiDərs 5. Mətnə şəklin əlavə edilməsi
  6. Vikidərs 6. Mətnə şablonun əlavə edilməsi
  7. VikiDərs 7. Digər ümumi qaydalar. SON

Serkan Şentürk tərəfindən hazırlanan aşağıdakı video-dərslər:

  1. Vikipediyada məqalə necə yaradılır?
  2.   Vikipediya redaktə sahəsi haqqında
  3.  Vikipediyada məqaləyə şəkil necə necə yerləşdirilir?

 

Yazacağınız məqalələrdə sizə uğurlar!


 

Advertisements

Vikipediyada yazı yazmaq üçün şəkilli qısa təlimat” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma